Gürcüstan polisi 1989-cu il aprelin 9-da həlak olanların xatirəsini yad etmək üçün gecə boyunca vətəndaşların toplaşdığı parlament binasının yaxınlığında bir nəfəri saxlayıb.
Qaziler.az-ın məlumatına görə, gürcü fəal Mariam Mekantsişvili "Interpressnews" onlayn xəbər agentliyinə bildirib ki, bir kişi Gürcüstan hökumət rəsmiləri tərəfindən gətirilən çələngləri abidə ərazisindən çıxarmağa cəhd edib.
Onun sözlərinə görə, kişi həmçinin Bidzina İvanişvili haqqında təhqiramiz fikir söyləyib və bu, onun həbsinə səbəb olub.
"Rusların gətirdiyi "çələnglər" 9 Aprel abidəsinin əsas təməlini təhqir edib. Bu, Rusiyaya qarşı mübarizədə Gürcüstanın azadlığı uğrunda canlarını fəda edən qəhrəmanlara hörmət əlaməti deyildi.
Ruslar bu insanların üzərinə tanklarla sürüb onları doğradılar və bu adam tamamilə qanuni olaraq rusların gətirdiyi çələngləri çıxarmağa çalışırdı. O, həmçinin rusiyalı Bidzina İvanişviliyə qarşı da çıxış etdi - bu, onun ifadə azadlığıdır və məhz buna görə saxlanılıb.", - Mariam Mekantsişvili deyib.
QAZİLER.AZ



