ABŞ və İsrail Təbriz-Zəncan magistral yolundakı körpüyə zərbə endirib.
IRNA xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Valiliyi məlumat yayıb.
Məlumata görə, Qaraçəmən-Miyanə yolu da zərbələr səbəbindən hər iki istiqamətdə bağlanıb.
Bundan əlavə, ABŞ və İsrail təyyarələrinin İsfahan vilayətinin Kaşan şəhəri yaxınlığındakı Yəhyabad dəmir yolu körpüsünə də zərbə endirdiyi, nəticədə iki nəfərin öldüyü, üç nəfərin isə yaralandığı bildirilir.
IDF-in məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri bir müddət əvvəl İranın bir neçə bölgəsində daha bir genişmiqyaslı hava hücumu həyata keçirib.
İsrail Müdafiə Qüvvələri bildirir ki, İran rejiminin onlarla infrastruktur obyekti hədəfə alınıb və əlavə məlumat daha sonra veriləcək.
***
15:09
İranın hasil etdiyi neftin 90%-nin ixrac olunduğu Xarq adasında bir neçə partlayış baş verib.
“Mehr” agentliyinin məlumatına görə, ABŞ və İsrail Hərbi Hava Qüvvələri tərəfindən Xarq adasına zərbələr endirilib.
“Adada bir neçə partlayış səsi eşidilib”, – xəbərdə bildirilib.
Adada konkret hansı obyektlərin hədəf alındığı hələlik məlum deyil. (apa)



