İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsindən sonra onun yerinə kim təyin olunacağı müzakirə edilir.
Modern.az xəbər verir ki, xarici KİV İrandakı mənbələrə istinadən Ali Milli Təhlükəsizlik Şurasının katibi postuna Səid Cəlilinin təyin olunacağı barədə məlumat yayıb.
Səid Cəlili radikal mühafizəkar siyasi partiya olan "Cəbhət-i Payidari"yə rəhbərlik edir.
O, daha əvvəl Ali Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində çalışıb.
Cəlili hazırda Ali Milli Təhlükəsizlik Şurasında Ali Liderin nümayəndəsi vəzifəsində çalışır. Onu həmin vəzifəyə mərhum lider Ayətullah Əli Xamenei təyin etmişdi.
Səid Cəlilinin son prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkyanın rəqibi olub.
Seçkilərdə Məsud Pezeşkian 16 milyon 384 min 403 səs; Səid Cəlili 13 milyon 538 min 179 səs yığmışdı.
O, həmçinin İranın nüvə danışıqları qrupuna sədrlik edib. Cəlili Qərbə qarşı sərt münasibəti olan fiqur kimi tanınır.
Səid Cəlili 6 sentyabr 1965-ci ildə İranın Rəzəvi Xorasan vilayətinin mərkəzi Məşhəd şəhərində anadan olub.
Bəzi məlumatlara görə, 61 yaşlı Səid Cəlilinin ana tərəfdən azərbaycanlı qarışığı var. İddialara görə, Səid Cəlilinin anası əslən Ərdəbil bölgəsindəndir. Lakin Cəlilinin özünün azərbaycanlı qarışığı olduğuna dair hər hansı açıqlamasına rast gəlinməyib.
Səid Cəlili İran-İraq müharibəsində iştirak edib, Kərbəla-5 əməliyyatında yaralanıb və ayağı amputasiya edilib.



