Türkiyə Pakistanda baş verən terror aktlarını qınayıb və terrorla mübarizədə İslamabadın yanında olduğunu bəyan edib.
"Report" Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib.
Söhbət zamanı liderlər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan İrana qarşı hücumlarla başlayan münaqişəli proseslə əlaqədar bölgədə diplomatiyanın yenidən işə salınmasının böyük fayda verəcəyini, Türkiyənin bunun üçün əlindən gələn dəstəyi verməyə hazır olduğunu açıqlayıb.
20:19
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin "X"dəki hesabında məlumat yayılıb.
"Bu axşam əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yaxın Şərqdə vəziyyətin gərginləşməsini müzakirə etmək üçün telefon danışığım oldu", - paylaşımda bildirilib.
Söhbət zamanı Şahbaz Şərif İsrailin İrana hava zərbələrini və İslam Respublikasının Fars körfəzi bölgəsindəki ölkələrə hücumlarını pisləyib:
"Prezident Ərdoğanı qardaş Körfəz ölkələrinin rəhbərliyi ilə əlaqə qurmaq cəhdlərim barədə məlumatlandırdım və Pakistanın onlarla tam həmrəyliyini, eləcə də gərginliyin azaldılmasına və dialoqa kömək etməkdə konstruktiv rol oynamağa hazır olduğumuzu təsdiqləyirəm. Biz razılaşdıq ki, bütün tərəflərin maksimum təmkinli olması gərginliyin daha da artmasının qarşısını almaq üçün son dərəcə vacibdir".
Pakistan və Türkiyə liderləri Əfqanıstandakı son hadisələr barədə də fikir mübadiləsi aparıb, regionda sülhə doğru ortaq səylər çərçivəsində sıx əlaqədə qalmağa razılaşıblar.



