Avropa İttifaqı ölkələri İrana ikili təyinatlı məhsulların, o cümlədən raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün komponentlərin ixracına dair məhdudiyyətləri genişləndiriblər.
"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
"Buraya xüsusi materiallar və müvafiq avadanlıqlar, o cümlədən enerji materialları və qarışıq materiallar, elektronika, kompüterlər, telekommunikasiyalar, sensorlar və lazerlər, mühərrik qurğuları, həmçinin dronların və raketlərin sınağı, işlənməsi və ya istehsalı üçün işlənmiş və ya xüsusi uyğunlaşdırılmış texnologiyalar daxildir", - sənəddə qeyd olunub.
Bugünkü sanksiyalar siyahısına, həmçinin İranın ballistik raket proqramında aparıcı təşkilat olan "Khojir Missile Development and Production" və ölkənin silahlı qüvvələrinin maddi-texniki təminatı üçün fəaliyyət göstərən idxal-ixrac ticarət şirkəti olan "Sahara Thunder" daxil edilib.
Avropa İttifaqı Şurası, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) əhəmiyyətli komponentlər tədarük edən və ya İranın raket proqramında, xüsusilə ballistik raketlərin istehsalında iştirak edən təşkilatlarla əlaqəsi olan digər özəl şirkətlərə qarşı da sanksiyalar tətbiq edir.
Ümumilikdə, bu günə qədər Aİ-nin sanksiya paketinə 24 fiziki və 26 hüquqi şəxs daxil edilib. Sanksiya rejiminin müddəti sonuncu dəfə 27 iyul 2026-cı ilə qədər uzadılmışdı.
17:33
Avropa İttifaqı (Aİ) İran İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yüksək rütbəli komandirləri və rəsmiləri də daxil olmaqla, İranın 15 məmuruna qarşı sanksiyalar tətbiq edib.
"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının "Rəsmi bülleteni"ndə bildirilib.
Aİ, xüsusilə İran daxili işlər naziri, Milli Təhlükəsizlik Şurasının rəhbəri İskəndər Momeni və Baş prokuror Mohammad Movahedi Azad, hakim İman Əfşari daxil olmaqla İran məhkəmə sisteminin üzvlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edir. Bundan əlavə, bugünkü siyahılara SEPAH-ın bir sıra komandirləri və polis zabitləri də daxil olunub.
Siyahıya, həmçinin İranın Audiovizual Media Tənzimləməsi üzrə İdarə, "Seraj" Kiberməkan Təşkilatı, bir neçə proqram şirkəti və s. daxil olmaqla altı İran təşkilatı əlavə edilib.
Bəyanata əsasən, sanksiyalar İranda son etirazlar zamanı insan haqlarının kobud və amansız şəkildə pozulmasına görə tətbiq olunub.
Daha əvvəl Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Aİ Xarici İşlər Şurasının iclasında İrana qarşı yeni sanksiyaların tətbiqi, həmçinin SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsi məsələsi müzakirə olunacaq.



