Ukrayna səfiri Macarıstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Apa xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto “X”-də bildirib.
“Bu gün Ukrayna səfirini XİN-ə çağırdıq. Biz Macarıstandakı seçkilərə edilən müdaxilələrə dözümlülük göstərməyəcəyik. Buna Ukraynanın seçkilərin nəticələrinə təsir göstərmək və seçki prosesinə Tisza Partiyasının xeyrinə müdaxilə etmək cəhdləri də daxildir. Son həftələr ərzində Ukrayna Prezidenti və Ukrayna hökuməti açıq-aşkar və aqressiv tərzdə müdaxilə kampaniyasına başlayıb. Onların məqsədi aydındır: Macarıstanda seçki prosesinə Tisza Partiyasının xeyrinə müdaxilə etmək. Amma sadəcə Macarıstan xalqı bu ölkənin gələcəyini müəyyən edə bilər. Bu qərar Brüsseldə və əlbəttə ki, Kiyevdə yox, Macarıstanda verilir. Biz öz suverenliyimizi mümkün olan hər vasitə ilə qoruyacağıq”, - Siyarto qeyd edib.
Qeyd edək ki, Tisza Partiyası Macarıstan hökumətinə müxalifdir.



