Yuliya Timoşenkonun ofisində axtarış aparılıb, o, ukraynalı deputatların pulla ələ alınmasında təqsirləndirilir

Yuliya Timoşenkonun ofisində axtarış aparılıb, o, ukraynalı deputatların pulla ələ alınmasında təqsirləndirilir backend

Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenkonun “Batkivşçina” partiyasının ofisində axtarışlar aparılıb.

Apaxəbər verir ki, bu barədə "RBK-Ukraine" məlumat yayıb.

Timoşenkonun sözlərinə görə, axtarış tədbirləri bütün gecə davam edib. O bildirib ki, ofisdən iş telefonları, parlament sənədləri və şəxsi vəsaitlər götürülüb.

Keçmiş Baş nazir bu hadisələri “siyasi sifariş” adlandırıb və ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Timoşenko qeyd edib ki, ofisdə 30-dan çox silahlı şəxs olub və onlar heç bir prosessual sənəd təqdim etməyiblər. O əlavə edib ki, ofis əməkdaşları bütün gecə binada qalıb.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın Milli Anti-Korrupsiya Bürosu (NABU) və Prokurorluq (SAP) Ali Radada bir fraksiyanın rəhbərinin deputatlara müəyyən qanun layihələrinin lehinə və əksinə səs vermələri üçün pul təklif etməsi faktını üzə çıxardıqlarını açıqlamışdılar.

Rəsmi açıqlamada fraksiya rəhbərinin adı göstərilməsə də, mediada və sosial şəbəkələrdə bunun Yuliya Timoşenko olduğu bildirilir. Faktlar təsdiqini tapsa keçmiş Baş nazirə rüşvət işi üzrə 10 ilədək həbs cəzası verilə bilər.