Paşinyan Peterburqda İlham Əliyevə dəfələrlə təşəkkür etməsindən danışdı

Paşinyan Peterburqda İlham Əliyevə dəfələrlə təşəkkür etməsindən danışdı backend

Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçirilən Avrasiya İqtisadi İttifaqı Ali Şurasının sammitində Azərbaycan Prezidenti İlham Əliyevə dəfələrlə təşəkkür etməsindən danışıb.

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bu barədə hökumətin bu gün keçirilən iclasından sonra jurnalistlərə bildirib.

"Mən müşahidə etmişəm ki, biz baş verənlərin qavranılmasını həddindən artıq mürəkkəbləşdirməyə meyilliyik. Məsələn, niyə bu mikrofon mavi, o biri isə qırmızıdır, niyə sarı əvəzinə qaradır? Və sonra buna əsasən geosiyasi nəticələr çıxarılır", - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanla birbaşa əlaqəli bir hadisə baş verdikdə, ölkə bununla bağlı mövqeyini bildirməyə borcludur. Əgər bu mövqe müsbətdirsə, açıq şəkildə ifadə edilməlidir.

Baş nazir son zamanlar atılan bir sıra konkret addımları xatırladıb: əvvəlcə Qazaxıstan, daha sonra isə Rusiya üçün buğda idxalına, eləcə də Ermənistandan dəmir yolu nəqliyyatına qoyulan məhdudiyyətlərin aradan qaldırılması.

"Bundan əlavə, Azərbaycan neft məhsullarının satışına hazır olduğunu bildirib. Neft məhsulları ilə dolu qatar gəlib və mallar artıq bazarda mövcuddur", - deyə o qeyd edib.

Paşinyan vurğulayıb ki, bu cür hadisələrə münasibətini açıq şəkildə bildirməyin düzgün olduğuna inanır və bunu müxtəlif məkanlarda qəsdən edir ki, Ermənistanın mövqeyi aydın şəkildə bildirilsin.

O, həmçinin ümid etdiyini bildirib ki, gələcəkdə Ermənistan da Azərbaycana mal ixrac edə biləcək.