Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin (EAK) yenilənməsi üzrə planı təqdim edib.
Oxu.Az xəbər verir ki, N.Paşinyan bu barədə öz "Telegram" kanalında yazıb.
N.Paşinyanın yol xəritəsi üç əsas bənddən və bir neçə yarımbənddən ibarətdir.
"Ktrıç Nersisyanın (II Qaregin) vəzifədən kənarlaşdırılmasından sonra Ermənistanın Apostol Kilsəsinin yenilənməsi üzrə yol xəritəsi: EAK-ın qanunlarına əsasən və məntiqi mexanizmlərə uyğun olaraq, katolikos vəzifəsini müvəqqəti icra edən şəxsin seçilməsi; EAK-ın Davranış Kodeksinin qəbul olunması; yeni qanunlara əsasən bütün ermənilərin katolikosunun seçilməsi", - baş nazir yazıb.
"Qanun buna səlahiyyəti olan kilsə orqanı tərəfindən müzakirəyə çıxarılır və qəbul olunur. Kilsənin müvəqqəti rəhbərinin müraciət edəcəyi təqdirdə hökumət qanun layihəsinin hazırlanması üzrə işlərə məsləhət, dəstək verəcək", - N.Paşinyan qeyd edib.



