Dekabrın 8-nə keçən gecə Rusiya qoşunları Ukraynanın Sumı vilayətindəki Axtırkaya pilotsuz uçuş aparatları ilə hücum edib və nəticədə çoxmərtəbəli binada yanğın baş verib. Xilasedicilər hücumun nəticələri ilə bağlı olan görüntüləri yayıblar.
Qaziler. az bildirir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidmətinin Telegram kanalına istinadən RBC-Ukrayna məlumat yayıb.
"Rusiya qoşunları Axtırka şəhərində doqquzmərtəbəli binaya pilotsuz uçuş aparatları ilə zərbələr endirib. İkinci-beşinci mərtəbələrdəki mənzillərdə yanğın baş verib", - xilasedicilər bildirib.
Yanğın söndürülərkən 35 sakinin təxliyə edildiyi də məlum olub. Daha 7 nəfər, o cümlədən biri uşaq zədələnmiş binalardan xilas edilib.
"Düşmənin növbəti hücum təhlükəsi ilə əlaqədar işlər müvəqqəti dayandırılmalı olub. Çətinliklərə baxmayaraq, bütün yanğınlar söndürülüb. Zədələnmiş tikililərin sökülməsi davam edir", - Fövqəladə Hallar Nazirliyinin mətbuat mərkəzindən bildirilib.
Xəsarət alanların sayı ilə bağlı məlumat dəqiqləşdirilir. Zərərçəkənlərə bütün lazımi yardım və dəstək göstərilir.
QAZİLER.AZ



