2026-cı ildən etibarən Gürcüstanın dövlət universitetlərində bütün tələbələrin təhsili dövlət tərəfindən tam şəkildə maliyyələşdiriləcək.
Bu barədə Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin ölkədə ali təhsilin maliyyələşdirilməsi ilə bağlı açıqlamasında bildirilir.
Bu o deməkdir ki, dövlət universitetlərində təhsil tam pulsuz olacaq.
Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze bildirib ki, hökumət həm dövlət, həm də özəl ali məktəblərdə oxuyan tələbələrlə bağlı əvvəlki maliyyələşdirmə mexanizminin tətbiqinə davam edəcək. Lakin əsas diqqət dövlət universitetlərinin gücləndirilməsinə yönəldilib.
"2026-cı ildən başlayaraq dövlət universitetlərində bütün tələbələrin təhsil haqqını dövlət tam şəkildə qarşılayacaq. Ali təhsil islahatlarının prioriteti məhz dövlət universitetlərinin dəstəklənməsi və gücləndirilməsidir", - nazir bildirib.
Nazir qeyd edib ki, növbəti tədris ilində özəl ali məktəblərə yeni daxil olan tələbələr üçün dövlət tərəfindən qrant ayrılmayacaq. Bununla belə, artıq özəl ali məktəblərdə təhsil alan (2-ci, 3-cü, 4-cü kurs) tələbələr, həmçinin magistraturaya qəbul olunanlar əvvəlki qaydada dövlət maliyyə dəstəyindən yararlanmağa davam edəcəklər.
G.Mikanadze əcnəbi tələbələrlə bağlı yeni qaydaların da tətbiq olunacağını açıqlayıb. Onun sözlərinə görə, 2026-cı ildən etibarən dövlət universitetlərinə əcnəbi tələbələrin qəbulu müəyyən məhdudiyyətlərlə həyata keçiriləcək.
Bu məhdudiyyət yalnız xüsusi hallara şamil olunmayacaq – məsələn, universitetlərin ikitərəfli razılaşmalar, beynəlxalq mübadilə proqramları və xüsusi layihələr çərçivəsində qəbul etdiyi əcnəbi tələbələrə icazə veriləcək.
Nazir əlavə edib ki, Gürcüstanda təhsil almaq istəyən əcnəbi vətəndaşlar sərbəst şəkildə özəl ali məktəblərə daxil ola biləcəklər. Hazırda ölkədə fəaliyyət göstərən 64 ali təhsil müəssisəsindən 19-u dövlət, 45-i isə özəldir.
Report.az



