Çin və Braziliyadan sonra dünyanın üçüncü ən böyük nadir torpaq metalları yatağına sahib Qazaxıstan beynəlxalq gərginliyin potensial yeni episentrinə çevrilir.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu təbii ehtiyatlarla zəngin Mərkəzi Asiya ölkəsi ABŞ, Rusiya, Çin və Avropanın diqqət mərkəzindədir.
Mövcud vəziyyət strateji resurslarla bağlı qlobal gərginliyin artmasına səbəb olsa da, güclər arasında yeni çəkişmə nöqtəsi ehtimalını da artırır.
Qazaxıstan bu yaxınlarda serium, lantan, neodim və ittrium kimi strateji minerallardan ibarət, təxminən, bir milyon tonluq yatağın kəşf edildiyini açıqlayıb.
Bu təbii ehtiyatların strateji dəyəri onların müasir sənaye və texnologiyanın inkişaf üçün həyati əhəmiyyət kəsb etməsidir.
Yataqlarda olan qiymətli kimyəvi elementlər uzunmüddətli batareyaların və qabaqcıl müdafiə sistemlərinin istehsalı üçün vacibdir.
Hazırda dünyanın aparıcı diplomatik missiyaları məhz bu səbəbdən Qazaxıstanla yaxşı münasibətlər qurmağa can atırlar. Sözügedən Mərkəzi Asiya ölkəsi nadir torpaq elementləri yatağına sahib olduqdan sonra birgə əməkdaşlıqla bağlı Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Ruanda və Əfqanıstanla müqavilə bağlayıb.



