Gürcüstanda sifarişli qətlin qarşısı alınıb.
APA xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə bildirib.
Saxlanılan 2007-ci il təvəllüdlü şəxs kriminal avtoritet Elmuraz Məmmədovun göstərişi əsasında Laqodexi rayonunun Qabal kənd sakinini qətlə yetirməli imiş. Qətli sifariş edilən şəxs Məmmədovun təhdidlə tələb etdiyi 200 min ABŞ dollarını ödəməkdən imtina edibmiş.
Axtarış zamanı saxlanılan şəxsin üzərindən Makarov sistemli tapança müsadirə olunub. O, günahını etiraf edib.
Elmuraz Məmmədov barəsində bir sıra cinayət işləri üzrə istintaq aparılır. Son aylar ərzində ona müxtəlif işlər üzrə qiyabi ittihamlar irəli sürülüb. Məmmədovun İnterpolun "qırmızı xətti" ilə axtarışda olduğu və xaricdə gizləndiyi bildirilib. Saxlanılması üçün Gürcüstanın hüquq-mühafizə orqanları intensiv iş aparırlar.



