Tbilisidə azərbaycanlı gənclər döyülüb, bir qadın saxlanılıb - VİDEO

Tbilisidə azərbaycanlı gənclər döyülüb, bir qadın saxlanılıb -  VİDEO backend

Tbilisidə qrup halında zorakılığın təşkili və iştirakında ittiham olunan Manana Giorqobiani saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

İstintaqla müəyyən edilib ki, noyabrın 2-də gecə saatlarında Manana Giorqobiani Tbilisidəki supermarketlərdən birində çalışan 2006-cı il təvəllüdlü T.M. və 2004-cü il təvəllüdlü E.M. adlı işçiləri təhqir edib. Bundan sonra o, tanışı 1996-cı il təvəllüdlü C.Ç. adlı şəxslə əlaqə saxlayıb. Həmin şəxs bir neçə nəfərlə hadisə yerinə gəlib, onlar supermarketin iki əməkdaşını küçəyə çıxarıblar və fiziki zorakılığa məruz qoyublar.

Hüquq-mühafizə orqanları cinayət əməlinin altı iştirakçısını müəyyən ediblər. Cinayətdə əli olan digər şəxslərin yerlərinin müəyyən olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq istintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməlinə görə 9 ilədək həbs cəzası nəzərdə tutulur.

İctimai fəal Samirə Bayramova APA-nın yerli bürosuna bildirib ki, döyülən gənclər azərbaycanlılardır, biri Dmanisi, digəri isə Qaraçöp bölgəsindəndir:

“Hər ikisi ağır xəsarətlər alıb. 2006-cı təvəllüdlü gəncə kəllə-beyin travması diaqnozu qoyulub və ona bir aylıq yataq rejimi tövsiyə edilib”.