Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində "Anqarsk manyak"ı Mixail Popkova qarşı daha bir cinayət işi üzrə istintaq başa çatıb.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə 31 oktyabrda Rusiya İstintaq Komitəsinin (İK) mətbuat xidməti məlumat verib.
Telegram kanalında verilən açıqlamada deyilir: "Popkov iddia edilən cinayətdə günahını tam etiraf edib. 61 yaşlı təqsirləndirilən şəxs hazırda həbsdədir".
Müstəntiqlərin sözlərinə görə, 2008-ci ilin avqust ayında təqsirləndirilən şəxs tanımadığı 27 yaşlı iki qadınla görüşüb. Popkovun sözlərinə görə, onlar narkotikin təsiri altında olublar. Daha sonra onunla qadınlar arasında mübahisə yaranıb və manyak hər ikisini iplə boğub.
İK qeyd edib ki, son ikiqat qətllə bağlı cinayət işi artıq məhkəməyə göndərilib.
"Anqarsk manyak"ı müasir Rusiya tarixində ən qanlı cinayətkar hesab olunur. Popkov bütün cinayətlərini 1992-2010-cu illər arasında İrkutsk vilayətində törədib.
2015-ci ildə Popkov 22 qətldə təqsirli bilinib və ilk ömürlük həbs cəzasına məhkum edilib. Üç il sonra, daha 59 ölüm hadisəsində iştirakı sübut edildikdən sonra ikinci cəzasını alıb.
2021-ci ilin iyul ayında məhkəmə Popkovu 1995-ci ildə törədilən daha iki qətlə görə doqquz il səkkiz ay həbs cəzasına məhkum edib. O, son cəzasını 2023-cü ilin noyabr ayında alıb və əlavə 10 il həbs cəzası alıb.
QAZİLER.AZ
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
