Tbilisidə Respublika meydanından parlament binasına doğru “Sona qədər, qələbəyə qədər!” şüarı altında yürüş keçirilib.
APA xəbər verir ki, hökumət əleyhinə aksiya parlament seçkilərinin birinci ildönümünə həsr olunub.
Aksiyanın tələbləri növbədənkənar parlament seçkilərinin keçirilməsi və etirazlar zamanı saxlanılanların azadlığa buraxılmasından ibarətdir.
Etirazçılara müxalif siyasətçilərlə yanaşı Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili də qoşulub.
Eks-prezident iki gün öncə keçirdiyi brifinqdə vətəndaşları aksiyaya qatılaraq birlik nümayiş etdirməyə çağırıb.
Hazırda aksiyaçılar parlament binasının önündə toplaşıblar. Mərkəzi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.
Qeyd edək ki, 2024-cü ilin oktyabrın 26-da Gürcüstanda baş tutmuş parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyası 54%-dən çox səslə qalib gəlib. Seçkilərin nəticələrinin elan olunmasından sonra ölkədə etirazlar başlayıb.
Ötən ilin noyabrın 28-də Gürcüstan hökuməti Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edəndən sonra etirazlar genişlənib.



