Gürcüstandan olan muzdlu əsgər Aleko Elisaşvili Ukraynada gedən müharibədə Ukrayna Silahlı Qüvvələrinin tərəfində iştirak etdiyinə görə qiyabi həbs edilib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 13-də Rusiya Federasiyası İstintaq Komitəsinin (İK) mətbuat xidməti məlumat yayıb.
“Məhkəmə Elisaşvilini qiyabi olaraq altı il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində həbs cəzasına məhkum etdi”, - agentliyin Telegram kanalında yayılan mesajında deyilir.
İstintaq materiallarına görə, Elisaşvili 2022-ci ilin martında Ukraynadakı silahlı birləşmələrə qoşulub. O, hərbi hazırlıq kursunu bitirib və şəxsi odlu silah və sursatla təmin olunub.
Elisaşvili qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsi (“Muzdlu əsgərin silahlı münaqişədə iştirakı”) ilə təqsirli bilinib. O, beynəlxalq axtarışdadır.
QAZİLER.AZ