Rusiyada işdən qovulan nazirin intiharı ilə bağlı yeni VERSİYALAR

Rusiyada işdən qovulan nazirin intiharı ilə bağlı yeni  VERSİYALAR backend

Rusiya mətbuatı və "Telegram" kanalları Rusiyanın intihar edən keçmiş nəqliyyat naziri, Kursk vilayətinin sabiq qubernatoru Roman Starovoytla bağlı yeni detalları dərc ediblər.

Oxu.Az xəbər verir ki, "Mash" "Telegram" kanalının məlumatına əsasən, məmurun Kursk vilayətinin Durnevo yaşayış məntəqəsindəki iqamətgahı eyniadlı vilayətdə cinayət işinin predmetinə çevrilmiş fortifikasiya qurğularını tikən şirkət tərəfindən inşa edilib.

Mənbələrə görə, keçmiş qubernatora qarşı əsas ifadələri məhz bu təşkilatın baş direktoru verə bilərdi.

Eyni zamanda, Starovoyt müasir Rusiya tarixində intihar edən ilk yüksəkvəzifəli məmur oldu.

Bildirilir ki, Starovoyt iyulun 7-də səhər saatlarında hələ də Nəqliyyat Nazirliyində işdə idi və işdən çıxmasının elan edildiyi vaxt iclas keçirirdi. "Kommersant" nəşri yazır ki, həmin gün axşam saatlarında onun saxlanılması və Rusiya İstintaq Komitəsinin şöbələrinin birində dindirilərək dələduzluqda ittiham irəli sürülməsi planlaşdırılıb.

Starovoyt son mesajını mühafizəçilərinə göndərib və onu harada və nə vaxt götürməli olduğunu bildirib. "Aurus" xidməti maşınında gələn şəxsi mühafizə əməkdaşları parklama ərazisində öz rəislərinin cəsədini tapıblar və xüsusi xidmət orqanlarına zəng ediblər. Avtomobildə onun yanında 2023-cü ildə aldığı "Makarov" tapançası olub.