Bədii oyma dekorativ-tətbiqi sənətin ən qədim və geniş yayılmış növlərindən biridir. Adətən daş, ağac, sümük və başqa materiallardan istifadə etməklə yaranan bu sənət növü günümüzdə də yaşadılır, inkişaf etdirilir.
AZƏRTAC xəbər verir ki, Masallı rayonunun Kəlbəhüseynli kənd sakini Ruslan Salmanov neçə illərdir ağac üzərində oyma sənəti ilə məşğuldur. O, bu sənəti ustadı olmadan, ağac üzərində sadə fiqurlar çəkib-oymaqla öyrənib. Özü də ən sadə alətlərlə.
Onun sözlərinə görə, ağaclarla işləmək, onlardan hər hansı bir sənət nümunəsi ərsəyə gətirmək o qədər də asan iş deyil. Necə deyərlər, yüz ölçüb, bir biçməlisən. Ən mühüm amillərdən biri də sözsüz ki, əl işinə görə ağacın seçilməsidir. Ümumiyyətlə isə bədii oyma sənəti çətin peşədir. İnsandan istedad, təmkin, böyük zəhmət, dəqiqlik, incəlik tələb edir. Xüsusilə də rəssamlıq bacarığı.
Tələbata gəldikdə isə oymaçı usta narazı deyil. O bildirir ki, ildən-ilə zövqlər də dəyişir. Bu baxımdan sifariş olunan əl işləri də müxtəlif olur.