Putin və Ərdoğan İran-İsrail münaqişəsini müzakirə ediblər - YENİLƏNİB

Putin və Ərdoğan İran-İsrail münaqişəsini müzakirə ediblər - YENİLƏNİB backend

Kreml Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı barədə məlumat yayıb.

Apa-nın  Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı əsas diqqət Yaxın Şərqdə kəskin şəkildə gərginləşən vəziyyətə yönəldilib.

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı hərbi əməliyyatını BMT Nizamnaməsinə və beynəlxalq hüququn digər normalarına zidd sayıblar. Hər iki tərəf artıq çoxlu sayda insan tələfatına və bütün region üçün ciddi uzunmüddətli nəticələrə yol açan İran-İsrail münaqişəsinin gərginləşməsindən narahatlıqlarını ifadə edib. Liderlər hərbi əməliyyatların dərhal dayandırılması və mübahisəli məsələlərin, o cümlədən İranın nüvə proqramı ilə bağlı məsələlərin müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həllinin tərəfdarı olduqlarını bildiriblər. Bununla bağlı hər iki ölkənin müvafiq qurumlarının sıx əməkdaşlığı davam etdirməsi razılaşdırılıb.

Ukrayna məsələsini müzakirə edərkən Putin birbaşa Rusiya-Ukrayna danışıqlarında təşkilati yardıma görə Türkiyə tərəfinə minnətdarlığını bildirib. Qeyd olunub ki, Rusiya ikinci raunddan sonra əldə edilmiş razılaşmalara, o cümlədən həlak olan hərbçilərin meyitlərinin verilməsi və hərbi əsirlərin dəyişdirilməsinə ciddi əməl edir.

Putin və Ərdoğan həmçinin ikitərəfli gündəlikdəki aktual məsələlər, o cümlədən enerji sektoru ətrafında fikir mübadiləsi aparıblar. Bildirilib ki, bu mövzu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu və iyunun sonunda keçiriləcək Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Rusiya-Türkiyə təmasları zamanı nəzərdən keçiriləcək.

***

saat 15.07

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və İran arasındakı gərginliyi rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib.

Apa-nın xəbərinə görə, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, söhbət əsnasında İsrail və İran arasındakı silahlı toqquşma, ikitərəfli münasibətlər və digər regional məsələlər gündəmə gətirilib.

Ərdoğan İsrailin İrana hücumu ilə başlayan gərginliyin bütövlükdə bölgənin təhlükəsizliyini riskə atdığını bildirib. O, eyni zamanda regionun yeni bir müharibəyə hazır olmadığını da rusiyalı həmkarının nəzərinə çatdırıb.

Türkiyə lideri ölkəsinin münaqişənin başladığı ilk gündən hücumların dayandırılması üçün diplomatik səylər göstərdiyini və məsələnin həll yolunun yalnız diplomatiyadan keçdiyini söyləyərək, tərəflərin təxirə salınmadan danışıqlar masası arxasına qayıtmasının vacib olduğunu sözlərinə əlavə edib.

Ərdoğan İsrail-İran münaqişəsinin diqqəti Qəzzada baş verənlərdən yayındırmamalı olduğunu vurğulayıb.

Kreml rəhbəri isə silahlı toqquşmanın dərhal dayandırılması və diplomatiyaya yer verilməsi məsələsində türkiyəli həmkarı ilə ortaq fikirləri bölüşdüyünü bəyan edib.

***

14.59

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

Apa xəbər verir ki, Putin və Ərdoğan telefonla İran-İsrail münaqişəsini müzakirə ediblər.

Diaspora