Bu gün Türkiyə parlamentində sədr seçkiləri keçiriləcək

Bu gün Türkiyə parlamentində sədr seçkiləri keçiriləcək backend

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) 28-ci qanunverici dönəmin ikinci dövrəsinin sədri seçiləcək.

“Report” xəbər verir ki, 5 namizədin yarışacağı seçkilər gizli səsvermə ilə keçiriləcək.

Ədalət və İnkişaf Partiyası (AK Partiya) hazırkı TBMM sədri və İstanbuldan deputat Numan Kurtulmuşun namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyası (CHP) Artvindən deputat Uğur Bayraktutanın, Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiya) Diyarbəkirdən deputat Osman Cengiz Çandarın, İYİ Partiya İstanbuldan deputat Mustafa Cihan Paçacının, Yeni Yol Partiyası isə Samsundan deputat Mehmet Karamanın adını namizədlər siyahısına yazdırıb.

İlk iki səsvermədə üzv sayının üçdə ikisi və üçüncü səsvermədə üzv sayının sadə çoxluğu tələb olunacaq.

Üçüncü səsvermədə sadə çoxluq təmin edilməzsə, bu səsvermədə ən çox səs alan iki namizəd üçün dördüncü səsvermə keçiriləcək. Dördüncü səsvermədə ən çox səs alan deputat TBMM sədri seçiləcək.

TBMM sədrliyi bu günə qədər 30 millət vəkili tərəfindən həyata keçirilib.

İlk TBMM sədri və respublikanın qurucusu Mustafa Kamal Atatürkdən bu yana ən uzun müddət vəzifədə qalan Mustafa Abdülhalik Renda olub. İlk dəfə 1935-ci ildə sədr seçilən Renda 1946-cı ilə qədər fasiləsiz yenidən seçilərək 11 il vəzifə başında olub.

Vəzifədə ən qısa müddət TBMM sədri isə 2 ay 1 həftə ilə İsmət Sezgin olub.

Ən çox TBMM sədri çıxaran region İstanbul olub. Buradan indiyədək Ali Fethi Okyar, Kazım Karabekir, Ferruh Bozbeyli, İsmail Kahraman və Numan Kurtulmuş məclis başçısı seçilib.

Diaspora