“Siyasi kursun dəyişməsi ilə əlaqədar Ermənistan Rusiyadan silah almağı dayandırıb, Hindistan və Fransadan silah almağa başlayıb”.
Qaziler.az xəbər verir ki, bu fikirləri müstəqil hərbi ekspert Aleksandr Xramçixin “NEWS.ru” saytına bildirib. Onun sözlərinə görə, İrəvan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü deyil.
“İrəvanın silahları Rusiyadan deyil, Fransa və Hindistandan almağa yönəlməsinin əsas səbəbi geosiyasi kursun dəyişməsidir. Beləliklə, Ermənistan faktiki olaraq KTMT-yə üzv olmaqdan çıxıb. Bundan əlavə, İrəvan bir neçə il əvvəl Moskvanı guya pulu ödənilmiş silahları Ermənistana verməməkdə ittiham edib”, - Xramçixin bildirib.
Bundan əvvəl Rusiyanın Beynəlxalq Əlaqələr Şurasının dərc etdiyi hesabat görə, Ermənistan Hindistanda 1,5 milyard dollar, Fransada isə 250 milyon dollar dəyərində silah alqı-satqı müqavilələri imzalayıb. İrəvan sonuncu dəfə 2021-ci ildə Rusiyadan silah alıb.
Firuzə Alimova / QAZİLER.AZ