Rusiyanın Yekaterinburq şəhərində yerli məktəbdə uşaqların kütləvi zəhərlənməsi xəbərindən sonra cinayət işi açılıb.
Qaziler.az bildirir ki, bu barədə aprelin 23-də Rusiya Federasiyası İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti Telegram-kanalında məlumat verib.
İdarədən bildirilib ki, müstəntiqlər hadisənin səbəblərini müəyyən etmək üçün şahidləri, o cümlədən təhsil müəssisəsinin rəhbərliyini və əməkdaşlarını dindiriblər. Həmçinin sağlamlığa dəyən zərərin dərəcəsini müəyyən etmək üçün xəsarət alan şagirdlərin sayı müəyyən edilir. Bundan əlavə, bufetdə məktəblilərin yeməklə təmin olunması xidmətlərinin göstərilməsi ilə bağlı sənədlər tələb olunub.
Qeyd edilir ki, cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 236-cı maddəsinin 1-ci hissəsi (“Sanitar-epidemioloji qaydaların pozulması”) ilə başlanıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
QAZİLER.AZ