Ermənistanda iki deputatın toxunulmazlığı ləğv edilib

Ermənistanda iki deputatın toxunulmazlığı  ləğv edilib backend

Ermənistanda parlament çoxluğu baş prokuror Anna Vardapetyanın vəsatətini təmin edərək müstəqil deputat Ovik Ağazaryan və "Mənim şərəfim var" müxalifət fraksiyasından olan deputat Taron Markaryana qarşı cinayət araşdırmasının başlanmasına icazə verib.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, müvafiq qərar parlamentdə gizli səsvermənin nəticələrinə əsasən qəbul edilib.

O.Ağazaryanın deputat toxunulmazlığından məhrum edilməsinin lehinə 65 deputat səs verib, əleyhinə isə səs verən olmayıb. T.Markaryanın deputat immunitetindən məhrum edilməsini 67 deputat dəstəkləyib, 2 nəfər bunun əleyhinə çıxıb.

Martın 26-dan parlamentdə baş prokuror Vardapetyanın O.Ağazaryana qarşı cinayət təqibinin başlanması ilə bağlı vəsatəti, martın 27-dən isə T.Markaryanla bağlı məsələ müzakirə edilir.

O.Ağazaryanla bağlı iş iki epizodu əhatə edir: birinci epizod üzrə o, başqa bir şəxsə saxta sənədlərlə mal-qaranın ixracını təşkil etməyi vəd edib. İxrac Qida Təhlükəsizliyi üzrə Müfəttişlik Orqanının vəzifəli şəxslərinə rüşvət verməklə həyata keçirilməli idi. O.Ağazaryan 150-200 baş mal-qaranın ixracını təşkil etmək üçün iş adamlarından 200-300 min dollar almaq niyyətində olub. İkinci epizoda əsasən, o, vətəndaş Aram Mkrtçyandan Açapnyakda 136 saylı məktəbin qəzalı vəziyyətdə olan binasının sökülməsini və ərazidə yaşayış binasının tikintisini təşkil etmək məqsədilə 23 min dollar və 300 min dram rüşvət tələb edib.

T.Markaryana gəlincə, ona qarşı müxtəlif illərdə çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərini aşma, torpaq sahələrinin mənimsənilməsi ilə bağlı müxtəlif maddələr üzrə ittiham irəli sürüləcək.

Diaspora