Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, ölkəsi KTMT ilə münasibətlərinə yenidən baxmağı planlaşdırmır, həmçinin Moskvanı Azərbaycanla kommunikasiyaların qarşılıqlı şəkildə açılmasına cəlb etmək niyyətində deyil. Eyni zamanda o qeyd edib ki, Ermənistan Rusiya ilə münasibətlərdə gərginlik istəmir.
“Report”un məlumatına görə, “NEWS.ru” nəşri İrəvanın ziddiyyətli bəyanatları və Paşinyanın, həqiqətən, Rusiya ilə yaxınlaşmağa hazır olub-olmaması ilə bağlı ətraflı təhlil və ekspert rəylərini təqdim edir.
Martın 20-də Ermənistanın “Hraparak” qəzeti yazıb ki, Paşinyan bütün qurumlara Rusiya ilə yaxınlaşmağa hazırlaşmağı tapşırıb. Nəşrin məlumatına görə, siyasətçi bu tapşırığı son geosiyasi dəyişikliklər fonunda verib. Bildirilir ki, Paşinyan rəsmiləri Moskva ilə bağlı tədbirlərdə daha fəal iştirak etməyə çağırıb. Həmçinin Baş nazirin özü də mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etmək niyyətindədir.
Bundan əvvəl Ermənistan hakimiyyəti KTMT və digər beynəlxalq təşkilatlardan uzaqlaşmağa çalışırdı. 2024-cü ilin dekabrında Paşinyan vurğulayıb ki, Ermənistan təşkilat daxilində sənədlərin hazırlanmasında, eləcə də onların müzakirəsində iştirak etmir.
2024-cü ilin oktyabrında Varşavada təhlükəsizlik məsələləri üzrə beynəlxalq forum zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qeyd edib ki, hakimiyyət KTMT-dən çıxmaqla bağlı bütün riskləri hesablayır.
"Ermənistanın cari hakimiyyətinin siyasəti Rusiyanın maraqlarına ziddir və Avropa İttifaqına yaxınlaşmağa yönəlib", - deyə "NEWS.ru" ilə söhbətində Ermənistan Demokratik Partiyasının lideri Aram Sarqsyan bildirib.
"Təsadüfi deyil ki, sabah Ermənistan parlamentində yenidən ölkənin Aİ-yə inteqrasiyasını sürətləndirməyi nəzərdə tutan qanun layihəsinə qayıdılacaq. Təbii ki, İrəvan Rusiya ilə münasibətləri bərpa etməyi və xüsusilə də KTMT xətti üzrə yaxşılaşdırmağı planlaşdırmır. Belə bir fərziyyə yalnız o halda yarana bilərdi ki, Ermənistanın Aİ-yə inteqrasiyası layihəsi dondurulsun", - o izah edib.
Ekspert qeyd edib ki, RF və Ermənistan arasında münasibətlərdə irəliləmə üçün heç bir ciddi əsas yoxdur.
"Hələlik Moskva və İrəvan arasında münasibətlər soyuqdur. Bu münasibətlər ayrı-ayrı sahələrdə davam edir. Məsələn, Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində iqtisadi maraqlar üstünlük təşkil edir. Mən rəsmi şəxslərin, o cümlədən Ermənistan parlamentinin sədrinin açıqlamalarına tənqidi yanaşıram. Ermənistan-Rusiya münasibətlərində irəliləmə üçün əsas görmürəm", - Sarqsyan vurğulayıb.
"İrəvanın hazırkı hakimiyyəti özünü Azərbaycanın tələblərindən, xüsusilə də gələcək sülh müqaviləsi ilə bağlı şərtlərindən asılı vəziyyətə salıb", - Sarqsyan hesab edir.
Onun fikrincə, ermənilər indi qeyri-sabit vəziyyətdədirlər və buna görə də, Qərbdə himayədar axtarırlar.
"Bu qeyri-sabitlik Ermənistanın adekvat, ardıcıl siyasət qurmasına imkan vermir. Əgər Azərbaycan yeni tələblər irəli sürsə, İrəvandakı hakimiyyət açıq-aşkar axmaq vəziyyətə düşəcək", - deyə o vurğulayıb.
"Ermənistan özünü gələcəyə birmənalı şəkildə Avropa İttifaqı vasitəsilə istiqamətləndirməklə və köhnə müttəfiqləri ilə konstruktiv əlaqələri dayandırmaqla tələyə salıb", - "NEWS.ru" ilə söhbətində politoloq Aleksandr Asafov qeyd edib.
Onun sözlərinə görə, hazırda supergüclərin - Rusiya və ABŞ-nin təsiri altında beynəlxalq siyasət dəyişir və onun digər iştirakçılarına hələ hara getmək lazım olduğu aydın deyil.
"Buna görə də, biz təkcə erməni siyasətçilərindən deyil, bir sıra digər ölkələrdən də çoxlu ziddiyyətli sözlər eşidəcəyik. Avropa İttifaqı və NATO-ya yönəlmiş vektor öz effektivliyini itirir", - Asafov əlavə edib.
"İrəvan hazırda Rusiya ilə münasibətlərdə nəyisə dəyişdirmək niyyətində deyil", - "NEWS.ru" ilə söhbətində Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Qafqaz və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin aparıcı elmi işçisi Nikolay Silayev bildirib.
"Yaxınlaşma tendensiyaları da görünmür. Nədənsə, naməlum səbəbdən İrəvan Moskva ilə münasibətləri pozulmuş şəkildə davam etdirmək istəyir. Bunun niyə baş verdiyini demək mənim üçün çətindir. Rusiyanın buna səbirli reaksiya verməsi lazımdır. Bu, yeganə düzgün yoldur", - ekspert deyib.