ABŞ-nin Ermənistandakı biolaboratoriyaları barədə bir sıra yeni məlumatlar üzə çıxıb

ABŞ-nin Ermənistandakı biolaboratoriyaları barədə bir sıra yeni məlumatlar üzə çıxıb backend

Ermənistanda ABŞ-nin maliyyəsi ilə fəaliyyət göstərən hərbi-bioloji laboratoriya Ermənistanın və bir sıra digər ölkələrin mətbuatında gündəmdə saxlanılır.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, hələ ötən il Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndələri ilə bu barədə müqavilə imzalayıb.

Məlumata görə, həmin laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək.

Bu məlumatların mətbuatda dərc edilməsindən sonra ABŞ-nin Ermənistandakı səfirliyi önündə aksiyalar da keçirilib.

İndi isə İrəvan mətbuatı yazır ki, Ermənistanda ABŞ tərəfindən maliyyələşdirilən hərbi-bioloji laboratoriyalar, paytaxtda, eləcə də, Qeqarkunik, Şirak, Lori, Tavuş, Armavir, Ararat və Sünik bölgələrində fəaliyyət göstərir.

"Həmçinin İcevan, Gümrü, Martuni, Qafan və Vanadzorda (Böyük Qarakilsə) daha yaxşı təchiz olunmuş laboratoriyalar mövcuddur. Təkcə İrəvandakı bu laboratoriyalarda, inzibati heyət də daxil olmaqla 140-a yaxın insan çalışır", - deyə mənbə yazıb.

ABŞ-nin Ermənistandakı səfirliyi bu biolaboratoriyaların yeri, fəaliyyət dairəsi, sayı və məqsədləri barədə medianın ünvanladığı sualları cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, hazırda Ermənistanda ABŞ-nin 13 hərbi-bioloji laboratoriyasının olduğu qeyd edilib. Kreml bu laboratoriyalara qarşı hələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində hərəkətə keçib. Təşkilatın 2023-cü ildə keçirilən iclaslarında da bu məsələ qaldırılıb və Ermənistana xəbərdarlıq olunub.

Diaspora