Yerlikaya: Qanunsuz aksiyalarda 123 polis yaralanıb, 1133 şübhəli saxlanılıb

Yerlikaya: Qanunsuz aksiyalarda 123 polis yaralanıb, 1133 şübhəli saxlanılıb backend

Son günlərdə bəzi dairələr toplanma və nümayiş yürüşü hüququnu istismar edərək ictimai asayişi pozmağa cəhd göstərir, küçə hadisələrini qızışdıraraq polisimizə hücum edirlər. Bu cür əməllər xalqımızın asayiş və təhlükəsizliyini pozmağa yönəlib.

"Report" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün "X" hesabında qeyd edib.

Onun sözlərinə görə, 19-23 mart 2025 tarixləri arasında həyata keçirilən qanunsuz aksiyalarda 123 polis əməkdaşı yaralanıb.

"Bu aksiyalarda turşu, daş, çubuq, fişəng, molotov, balta və bıçaq ələ keçirilmişdir. Polisimizə hücum edən, dövlət əmlakına ziyan vuran, xalqımızın təhlükəsizliyini təhdid edənlər haqqında hüquqi proseslər davam edir. 1 133 şübhəli saxlanılıb. Onların arasında 12 müxtəlif terror təşkilatı ilə əlaqəli olan şəxslər müəyyən edilib", - nazir qeyd edib.

O əlavə edib ki, həmçinin saxlanılan şəxslərin aralarında narkotik, oğurluq, dələduzluq, cinsi təcavüz/istismar, qəsdən xəsarət yetirmə kimi cinayətlərin də olduğu 17 müxtəlif cinayətə görə hüquqi proses keçirənlər də müəyyən edilib:

"Buradan açıq şəkildə xəbərdarlıq edirik: Gənclərimizi, xalqımızı heç kim öz siyasi məqsədlərinə qalxan etməyə cəhd göstərməsin. Bunun məsuliyyətini təkcə siyasi deyil, hüquqi olaraq da heç kim ödəyə bilməz! Asayiş və təhlükəsizliyin təmin edilməsi üçün hər zaman olduğu kimi vəzifəmizin başındayıq. Küçələrimizin terrorlaşdırılmasına, millətimizin asayiş və təhlükəsizliyinin təhdid edilməsinə qətiyyən göz yumulmayacaqdır. Vətəndaşlarımızı bu cür təxribatlara qarşı diqqətli olmağa və ağılla hərəkət etməyə dəvət edirik", - deyə Ə.Yerlikaya vurğulayıb.

Qeyd edək ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və daha 105 nəfərin saxlanılması ilə bağlı Türkiyədə aksiyalar keçirilib. Saxlanılan şəxslər bir sıra maliyyə cinayətlərində təqsirləndirilirlər.

Diaspora