Terror təşkilatının vaxtilə istismar vasitəsi kimi istifadə etdiyi bəhanələrinin demək olar ki, hamısı ya aradan qalxdı, ya həll edildi, ya da yoluna qoyuldu. Terrorsuz Türkiyə uğrunda aparılan mübarizədə dünəndən etibarən artıq yeni bir mərhələyə keçildi. Qarşımızda min illik qardaşlığımızın arasına hörülən terror divarının dağıdılması hədəfinə doğru gedən yolda tarixi bir addım atmaq fürsəti var. Başlayan prosesin əhatəli yerinə yetirilib-yetirilmədiyini aidiyyəti qurumlarımız vasitəsilə diqqətlə izləyəcəyik.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Kanal 7”nin 30-cu ildönümü proqramında çıxışı zamanı söyləyib.
Türkiyə tarixinə “postmodern çevriliş” kimi keçən və nəticələri uzun illər müzakirə edilən 28 fevral 1997-ci il Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasından 28 il ötdüyünü xatırladan Prezident Ərdoğan bu hadisənin, başda ölkə demokratiyası olmaqla, Türkiyənin sosial və siyasi həyatında açdığı dərin yaraların hələ də tam sağalmadığını deyib.
Bildirilib ki, 28 fevral hadisələrinin baş verdiyi dövrdə intizam təhqiqatına məruz qalan müəllimlərin sayı təxminən 33 min 500 nəfərdir. Onlardan 11 mindən çoxu cəzalandırılıb, minlərlə müəllim istefaya məcbur edilib. Digər qurumlarda çalışan minlərlə dövlət qulluqçusu da eyni şəkildə təqib olunub və sürgün edilib.
“28 fevral təkcə hüquq və azadlıqları deyil, iqtisadiyyatı da böyük dağıntıya məruz qoydu. Postmodern çevrilişinin ölkə iqtisadiyyatına vurduğu ziyan 380 milyard dollar təşkil edir. Bunun əsas məsuliyyəti CHP-nin üzərindədir”,-deyə Türkiyə Prezidenti bildirib.