Gəncədə AMEA-nın 80 illiyi münasibətilə elmi-nəzəri konfrans keçirilib

Gəncədə AMEA-nın 80 illiyi münasibətilə elmi-nəzəri konfrans keçirilib backend

Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və onun Gəncə Bölməsinin təşkilatçılığı ilə “AMEA – 80” mövzusunda konfrans keçirilib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə AMEA-nın Gəncə Bölməsinin böyük akt zalının qarşısında tarixi və elmi nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirilib.

Konfransda AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov, elm adamları və ziyalılar iştirak ediblər.

Konfrans Dövlət Himnin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans iştirakçıları “AMEA - 80, Gəncə Bölməsi - 44” mövzusunda videoçarx izləyiblər.

Akademik Fuad Əliyev Gəncənin tarixən qədim elmi ənənələrə malik olduğunu xatırladıb. O, Gəncə və ətraf bölgədəki elmi tədqiqatların istiqamətləri haqda danışıb, eləcə də gənc elmi kadrların yetişdirilməsinin vacibliyinə toxunub.

Bayram Aslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən güclü milli elmi kadrların yetişməsinə xüsusi əhəmiyyət verdiyini qeyd edib.

Yadigar Bədəlov forumun iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq konfransın gedişatına uğurlar arzulayıb.

Plenar iclasda alimlər təbrik nitqi ilə çıxış edərək, elmi tədqiqatların ölkənin sosial-iqtisadi inkişafına, cəmiyyətin tərəqqisinə və insanların rifahına töhfə verməsinin vacibliyi məsələlərindən danışıblar.

Konfransda 160-dan çox məruzə qəbul edilib.

Elmi-nəzəri konfransın materialları ayrıca kitab şəklində nəşr olunub.

Diaspora