Türkmənistan may ayında Türkmənbaşı-Qaraboğaz-Qazaxıstan sərhədi avtomobil yolunda Qaraboğazgöl körfəzi üzərindən yeni avtomobil körpüsünün tikintisini başa çatdırmağı planlaşdırır.
Qaziler.az bildirir ki, bu barədə "Kazinform" agentliyi məlumat yayıb.
Beynəlxalq əhəmiyyətli körpünün tikintisinə 2022-ci ilin iyulunda başlanılıb. Obyekt iki hərəkət zolağından ibarət ikitərəfli körpüdür. Körpünün uzunluğu 354 metr, eni isə 21 metr olacaq.
Hazırda bütün körpü dayaqlarının, o cümlədən svayların, sütunların və tirlərin betonlaşdırılması, körpünün idarəetmə panellərinin quraşdırılması, sütunların izolyasiyası, metal konstruksiyaların sütunlar arasında quraşdırılması və daşınması üzrə işlər aparılır. Türkmənbaşı-Qaraboğaz körpüsünün giriş yolları da asfalt örtüyünə hazırlanıb.
Türkmənbaşı-Qaraboğaz-Qazaxıstan sərhədi avtomobil yolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir və ticarət dövriyyəsinin, yük və sərnişin daşımalarının həcmini əhəmiyyətli dərəcədə artıracaq, bununla da beynəlxalq ticarət-iqtisadi əlaqələrin fəallaşmasına təkan verəcək.
QAZİLER.AZ