Qazaxıstan hakimiyyəti 2025-ci ilin dekabrına qədər Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabatı tamamlamağı planlaşdırır.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinq zamanı bildirib. O xatırladıb ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartına əsasən, araşdırma üçün bir il vaxt verilir.
“Müvafiq olaraq, araşdırmanın yekun hesabatı bu ilin dekabrına qədər tamamlanmalıdır”, - nazir müavini vurğulayıb.
Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Qəza zamanı təyyarədə 5-i ekipaj üzvü, 62-si sərnişin olmaqla, 67 nəfər olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər isə xəsarət alıb. Ölən sərnişinlərdən 23-ü Azərbaycan vətəndaşı olub.
QAZİLER.AZ