“Azərbaycandan olan oliqarxlar Rusiya cəmiyyətində kök salıblar”.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu sözləri “Donetsk Xalq Respublikası”nın (DXR) birinci dövlət təhlükəsizliyi naziri, Çarqradın siyasi müşahidəçisi Andrey Pinçuk Bakının Ukraynaya yardımını şərh edərkən deyib.
Nazir hesab edir ki, tarixi vətəninə bağlı olan istənilən etnik biznesin kökü kəsilməlidir. O, azərbaycanlı oliqarxlara qarşı sanksiyalarla mübarizə aparmağı təklif edib.
Pinçukun vurğuladığı kimi, Azərbaycan Rusiyanın zərbə endirdiyi enerji obyektlərinin bərpası üçün Ukraynaya pul köçürüb.
Bir gün əvvəl məlum olub ki, Azərbaycan Rusiyanın “Rossotrudniçestvo” agentliyinin işini dayandırmaq və Bakıdakı “Rus Evi”ni bağlamaq qərarına gəlib. Hakimiyyət heç bir dövlətin daxili işlərinə qarışmasını istəmədiklərini bəyan edib.
Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kreml Bakıdakı “Rus Evi”nin bağlanmasından təəssüflənir və bu məsələ prezidentlər arasında dialoqda qaldırıla bilər.
QAZİLER.AZ