Bildiyiniz kimi dünən saat 12:00 radələrində Ağcabədi rayonunun Hindarxı qəsəbəsində təsadüfən tapılan qumbaranın partlaması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisəyə dərhal reaksiya verən Azərbaycan Minatəmizləmə Agentliyinin tapşırığı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Maarifləndirmə Qrupu Hindarxı qəsəbəsinə yollanıb. Maarifləndirmə qrupu əvvəlcə hadisənin baş verdiyi evi ziyarət edib, sonra isə qəsəbədə yerləşən 1 və 2 saylı orta məktəblərin binasında əhalisi ilə maarifləndirici görüşlər keçirib. Ağcabədi rayon təhsil şöbəsinin əməkdaşları o cümlədən təhsil sektorunun müdiri Teymur Qasımovun, həmçinin icra strukturlarının,regional təhsil sektorunun əməkdaşları və bələdiyyə üzvlərinin iştirakı ilə baş tutan görüşdə çıxış edən BAMF-ın Regional meneceri, PSTM üzrə komanda rəhbəri Ruslan İbrahimbəyli və BAMF-ın İcma Mina Aksiyası komandasının Əməliyyat meneceri Şahin Allahverdiyev və PSTM üzrə təlimçi Səmayə Əhmədli görüş iştirakçılarını Minalar və Partlamamış Hərbi Sursatlardan qorunma yolları,həmçinin post-konfikt zonalarında riayət olunması zəruri olan təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirib. Bununla bərabər əhaliyə şübhəli əşyaların aşkarlanması zamanı 805, 102 və ya 112 qaynar xətlərinə müraciət etməyi də tövsiyə olunub. Daha sonra görüş iştirakçılarına təhlükəsizlik qaydalarının əks olunduğu informativ broşurlar, bukletlər, posterlər paylanıb.
Görüşdən sonra BAMF Maarifləndirmə Qrupu əməkdaşları Hindarxı qəsəbəsi sakinləriylə küçə görüşləri də keçirib, onlara məlumatlandırıcı materiallar paylayıb.
Məsələ ilə bağlı “EDnews”-a açıqlamasında BAMF-ın Regional meneceri, PSTM üzrə komanda rəhbəri Ruslan İbrahimbəyli bunları deyib:
“Baş verən hadisə Mina və PHS probleminin yaydığı dəhşəti nümayiş etdirən çoxsaylı kadrlardan biridir.
Biz nəzərə almalıyıq ki, mənfur düşmən post-konflikt zonada əlindən gələn hər şeyi edib ki, ərazini çirkləndirsin, daha təhlükəli vəziyyətə gətirsin. Bu gün o zonada yaşayan heç kim mina və PHS-lərin yaydığı təhlükədən siğorta olunmayıb. Ona görə də orada yaşayan hər kəs maksimum diqqətli olmalı, bu problemin yaratdığı təhlükəyə qarşı məsuliyyətli, ciddi yanaşmalıdır.
Belə görüşlər mütəmadi keçirilir, amma təəssüf ki, insanlarımız partlamamış hərbi sursat, mina görəndə ona yaxınlaşırlar və ya toxunurlar ki, bunun da nəticəsində belə hadisələr baş verir”.