Türkiyənin Bolu vilayətindəki "Kartalkaya" xizək kurortundakı "Grand Kartal" hotelində baş verən və 78 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı araşdırma davam edir.
Araşdırma çərçivəsində yanğının necə başladığı ilə bağlı detallar məlum olub.
Bu barədə Oxu.Az "Sabah" nəşrinə istinadən xəbər verir.
İstintaq zamanı əldə edilən məlumata görə, yanğın aşpazların səhər yeməyi hazırladıqları zaman başlayıb. Hotelin restoran hissəsində gecə saat 3:21-də baş verən yanğından əvvəl restoran işçiləri yemək hazırlamaq üçün plitəni yandırıblar. Uzun müddətdir yanılı qalan və qızan cihazın üzərinə qaynar yağ tökülüb.
Mətbəxdən alovların yüksəldiyini görən aşpaz Faysal Yavər və mətbəx işçiləri Yusuf Karahanlı, Fidan Kurç və Mehmet Gündüz yanğına müdaxilə etmək istəyiblər. Lakin yanğınsöndürən balon əvəzinə cihazın üstünə su töküblər. Qızğın yağ su ilə təmas etdikdə isə alovlar daha da böyüyüb və ətrafa yayılıb. Daha sonra isə alov tüstü bacasına keçib və oradan da dam örtüyünə yayılaraq bütün hoteli bürüyüb.
Mətbəx işçiləri qorxaraq çölə qaçıblar, lakin yanğın siqnalizasiyası işləmədiyi üçün hoteldə qalanlar bundan xəbər tutmayıblar.
Yanğına ehtiyatsızlığa görə səbəb olduqları üçün adları çəkilən 4 işçi həbs edilib və cəzaçəkmə müəssisəsinə göndərilib.
Yanğından xilas olan hotel aşpazı Mustafa Serbest hadisə ilə bağlı kədərini dilə gətirib və cəhənnəmi yaşadıqlarını bildirib.
"Orada ölüm-dirim mübarizəsi gedirdi. Qışqırıq səsləri eşidilirdi, hər yer tüstü idi. Cəhənnəmi yaşadıq. Hoteldə yanğın detektoru var idi, amma işləmirdi. Mən yanğınsöndürən balon görməmişəm. Bildiyimə görə, baş aşpazın kabinetinin qarşısında var idi. Hoteldə sulama sistemi də yox idi. Əslində yanğın pilləkənləri var idi, amma ondan işçilər istifadə edirdilər. Xəbərdarlıq lövhələri var idi, amma işıqlandırma kifayət qədər deyildi. Yanğın pilləkənlərinin qapısı taxtadan idi. Yəqin ki, qapılardan biri yanıb və tüstü də içəri dolub", - deyə o qeyd edib.