Xaçmazda Birinci Qarabağ və 44 günlük Vətən müharibələrində şəhidlik zirvəsinə ucalan dörd qəhrəman döyüşçüyə həsr olunmuş film təqdim edilib.
QAZÍLER.AZ AZƏRTAC-a istinaden xəbər verir ki, filmdə xaçmazlı şəhidlər Rəhim İmamov, Hüseyn Sultanov, Fərid Seyfullayev və Fazil Quliyevin həyat və döyüş yolundan bəhs olunur.
Xaçmazdakı Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində şəhid ailələri, qazilər, müəllim və şagirdlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə filmin müəllifi Həsən Arazov, Xaspoladoba kənd tam orta məktəbinin direktoru Tural Məmmədov çıxış edərək Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli yoldan, qazanılan şanlı Zəfərdən danışıblar. Şəhidlərin xatirəsinin hər zaman dərin ehtiramla yad olunduğunu bildirən natiqlər qəhrəman oğulların şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.
Şəhid Rahim İmamovun anası Yasəmən İmamova, şəhid Fərid Seyfullayevin bacısı Fəridə Seyfullayeva Vətən uğrunda canından keçən qəhrəmanlarla qürur duyduqlarını söyləyib, şəhidlərin xatirəsinə göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildiriblər. Şanlı Zəfər tarixini yazan bütün şəhidlərin xatirəsinin qəlblərdə əbədi yaşayacağı diqqətə çatdırılıb.
Sonda film nümayiş olunub.