Gürcüstanın Prezidenti Salome Zurabişvili hazırda prezident seçkilərinin keçirildiyi Tbilisidə parlament binası qarşısında gəzmək qərarına gəlib.
QAZÍLER.AZ Publika.az-a istinadən xəbər verir ki, Zurabişvilinin təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Rustaveli prospekti ilə gəzdiyi müşahidə olunub.
Parlamentin qarşısına toplaşan etirazçılar onun prospektə çıxmasını alqışlarla qarşılayıblar.
Qeyd edək ki, bu gün Gürcüstanda prezident seçkiləri keçirilir. İlk dəfədir ki, dövlət başçısı birbaşa səsvermə yolu ilə deyil, 300 nəfərdən ibarət seçki kollegiyası tərəfindən seçilir. Bu vəzifəyə yeganə namizəd hakim “Gürcü arzusu” Partiyası tərəfindən irəli sürülən deputat Mixail Kavelaşvilidir.
Prezident Zurabişvili isə prezident postundan istefa verməyə hazırlaşmır. Onun mövqeyi belədir ki, qeyri-legitim parlamentlə legitim prezident seçkiləri ola bilməz.
Xatırladaq ki, o, bir gün əvvəl seçkiləri saxtakarlıq adlandırmışdı.