Gürcüstan müxalifətinin liderlərindən biri, Tbilisinin keçmiş meri Gigi Uqulava 11-ci çağırış Gürcüstan parlamentini “Rusiya Dumasının filialı” adlandırıb.
Qaziler.az-ın xəbərinə görə, bu barədə Tbilisi Dövlət Universitetinin yaxınlığındakı müxalif çadır şəhərciyi dağıdılandan sonra siyasətçi SOVA-ya bildirib. O, qeyd edib ki, etirazlar davam edəcək və onların kulminasiya nöqtəsi noyabrın 25-də, yeni parlament işə başlayarkən olacaq.
“Təbii ki, etirazımız davam edəcək. Çünki əsas tarix noyabrın 25-dir. Praktikada bu, Gürcüstan parlamenti deyil, Rusiya Dumasının bir filialıdır. Ona görə də biz geri çəkilmək fikrində deyilik, burada dayanacağıq. Etirazımız səyyar olacaq, lazım gələrsə, şəhərin başqa ərazisinə də keçəcəyik. Noyabrın 25-də isə bütün etirazlar bütünlüklə Rustaveli üzərində cəmləşəcək”.
Qeyd edək ki, Gigi Uqulava “Birlik” koalisiyasını təmsil edir. Oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə görə, o, üçüncü yeri tutsa da, hakimiyyəti kütləvi saxtakarlıqda ittiham edərək və yeni parlamenti qeyri-legitim adlandıraraq deputat mandatından imtina edib.
QAZİLER.AZ