Rusiyanın İrkustsk vilayətindəki Bratsk şəhərində Böyük Vətən Müharibəsində qələbənin şərəfinə ucaldılmış abidənin təhqir olunmasından sonra cinayət işi açılıb.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 27-də Rusiya İstintaq Komitəsinin İrkutsk vilayəti üzrə istintaq idarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, hadisə sentyabrın 24-də baş verib. Toy edən bir qrup gənc xatirə şəkli çəkdirmək üçün Şöhrət Memorialının yanında dayanıb. Bundan sonra şənliyin qonaqlarından biri abidənin üzərinə çıxıb. Həmin şəxs baş verənləri telefonunda lentə alıb, bütün digər qonaqlar və yeni evlənənlər "Əbədi məşəl"in yanındakı abidənin önündə fit çalıb gur milli musiqi sədaları altında rəqs ediblər.
Hazırda şübhəli şəxs saxlanılıb və müstəntiqlər tərəfindən dindirilir. Bundan başqa, hadisədə iştirak edən digər şəxslər haqqında da ölçü götürüləcək. Müstəntiqlər həmçinin bütün toy iştirakçılarının Rusiya Federasiyasının ərazisində olmalarının qanuniliyini müəyyən edəcəklər.
Rusiya-Tacikistan Gənclər Siyasəti və Millətlərarası Münasibətlərin İnkişafı Mərkəzinin sədri Vaysudin Qayratov bu adamın əməlini pisləyib. Onun sözlərinə görə, saxlanılan şəxsin əməllərinə bəraət qazandırmaq və bağışlamaq olmaz.
“O, cəzasını çəkməlidir, qanunun ən böyük həddi ilə cəzasını almalıdır. Necə deyərlər, pis millət yoxdur, pis insanlar var. Bir daha üzr istəyirəm”, – Qayratov “İrkutsk Political” Teleqram kanalında deyib.
Müfti Fərid Həzrət Minqaleyev də qınaq sözləri ilə çıxış edib. O, günahkarın Rusiya Federasiyasının qanunları çərçivəsində tam şəkildə cəzalandırılacağına əmin olduğunu bildirib. Bu barədə Bratskin yerli Telegram kanalında qeyd edilib.
QAZİLER.AZ