İran Prezidenti Məsud Pezeşkian Bağdadda iraqlı həmkarı Əbdül Lətif Rəşidlə görüşüb.
“Report” xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Onların hansı məsələləri müzakirə etdikləri hələ ki açıqlanmayıb.
11:13
İran Prezidenti Məsud Pezeşkianın İraqa rəsmi səfəri başlayıb.
“Report” xəbər verir ki, məlumatı İRNA yayıb.
Bildirilib ki, M.Pezeşkianın Bağdad Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi olub. İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani Məsud Pezeşkianı salamlayıb. Hökumət başçısı və nümayəndə heyəti ilə görüşdən sonra İraq Prezidenti Əbdül Lətif Rəşidlə İran Prezidenti arasında görüş olacaq. Bundan sonra iki ölkənin yüksək səviyyəli nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.
M.Pezeşkianın Nəcəf və Kərbəlanı ziyarət edəcəyi, Bəsrə, Ərbil, Süleymaniyyə şəhərlərinə səfəri planlaşdırılıb.
İran Prezidenti səfəröncəsi açıqlamasında deyib ki, İraqa səfəri islam və qonşu ölkələrlə qarşılıqlı fəaliyyət və əlaqələrin inkişafının, dərinləşməsinin yeni dövrünün başlanğıcıdır. O, İraqda əməkdaşlığa dair müqavilələr imzalayacaq.
M.Pezeşkian deyib ki, İraq İslam dininin mərkəzlərindən biridir və bu ölkə ilə İranı dini, siyasi, iqtisadi, mədəni və başqa sahələr üzrə məsələlər bağlayır: “Bura elm, mədəniyyət ocağı, ruhanilərin səfər etdiyi ölkədir. 14-cü hökumətin (Pezeşkianın başçılıq etdiyi hökumət İran İslam Respublikasının 14-cü hökumətidir - red.) ilk xarici səfərini İraqa etməsi də təbiidir”.
09:31
İran Prezidenti Məsud Pezeşkian İraqın paytaxtı Bağdada yola düşüb.
“Report” xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
M.Pezeşkianın qonşu ölkəyə səfəri İraqın Baş naziri Məhəmməd Şia Əl-Sudaninin dəvəti ilə həyata keçirilir.
İranın hökumət başçısı İraqda bir sıra rəsmi görüşlər keçirəcək, həmçinin səfər çərçivəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.
Bu, onun prezident kimi ilk xarici səfəridir.