İsveçrədən olan iki turist Sankt-Peterburq metrosunda sürücü kabinəsinə giriblər.
Qaziler.az bildirir ki, bu barədə avqustun 26-da “78” telekanalı Sankt-Peterburq polis idarəsinə istinadən məlumat yayıb.
Hadisə avqustun 25-də baş verib. Daxili İşlər Nazirliyinin yaydığı videodan görünür ki, qatarın sonuncu vaqonunda iki gənc maşinist kabinəsinin qapısında dayanıb. Onlardan biri dəfələrlə kabinənin qapısını açmağa cəhd edib, bir neçə uğursuz cəhddən sonra buna nail olub.
Gənclər kabinəyə daxil olsalar da, növbəti stansiyada polis onları qarşılayıb.
İsveçrəlilər polis bölməsinə aparılıb, sənədləri yoxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılanlardan biri öz ölkəsində metroda işləyir və o, rusiyalı həmkarlarının iş yerinə baxmaqla maraqlanıb.
Qanun pozucularına qarşı 11.15.1-ci maddəsinin 3-cü hissəsi (“Nəqliyyatın təhlükəsizliyi tələblərinin pozulması”) ilə inzibati protokollar tərtib edilib.
149 saylı Sülh Məhkəməsində keçiriləcək proses avqustun 27-nə təyin edilib; Çox güman ki, turistlərin hər biri 20 min rubl cərimələnəcək.
QAZİLER.AZ