Cəsur əsgər Rahib Məmmədovun xatirəsi anılıb

Cəsur əsgər Rahib Məmmədovun xatirəsi anılıb backend

Ağdam rayonunda Gürcüstanda baş verən təbii fəlakət zamanı insanları xilas edərkən qəhrəmanlıqla həlak olan cəsur azərbaycanlı əsgər Rahib Məmmədovun xatirəsi anılıb. “Unudulmaz qəhrəman” adlı tədbirdə şəhid ailələri, veteranlar, mədəniyyət və təhsil işçiləri, məktəblilər, kənd sakinləri iştirak ediblər.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Rahib Məmmədovun Mahrızlı kənd tam orta məktəbinin qarşısındakı büstü önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər. Çıxış edənlər cəsur əsgər Rahib Məmmədovun mənalı və qəhrəmanlıqla dolu həyatından söhbət açıblar. Məlumat verilib ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci il avqustun 25-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin həyətində Rahib Məmmədov adına “Döyüş şöhrəti” muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub.

Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Tədbirdən sonra iştirakçılar Rahib Məmmədovun adını daşıyan “Döyüş şöhrəti” muzeyində eksponatlarla tanış olublar.

Diaspora