Gürcüstanda Tbilisi Şəhər Məhkəməsinin hakimi Mixail Cindcoliya Gürcüstanın artıq həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin sərhədi qanunsuz keçmək ittihamı ilə keçirilən məhkəmə prosesi zamanı həbs edilməsinə qərar verib.
Bu barədə Oxu.Az "İnterfaks.ru"ya istinadən bildirir.
Məlumata görə, prokurorun tələbi əsasında təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, daha əvvəl Saakaşvili barəsində beş cinayət işi üzrə heç vaxt ilkin həbs qətimkan tədbiri seçilməyib.
Məhkəmə prosesi zamanı prokuror Qriqol Nişnianidze məhkəməyə verdiyi vəsatətini onunla izah edib ki, Saakaşvili sərhədi qanunsuz keçməsi ilə bağlı şahidlərə təzyiq göstərməyə cəhd edə bilər.
Belə ki, bu iş üzrə dörd nəfərə Saakaşvilinin Ukraynadan Gürcüstana qeyri-qanuni keçməsinə şərait yaratmaları barədə ittiham irəli sürülüb.
Xatırladaq ki, Mixail Saakaşvili 29 sentyabr 2021-ci ildə gizli şəkildə Gürcüstana gedib. Oktyabrın 1-də o, Tbilisidə saxlanılıb, bundan sonra Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib və orada aclıq aksiyasına başladığını elan edib. Noyabrın 8-də yaxınlarının və vəkillərinin razılığı olmadan Rustavi şəhərindəki həbsxanadan Tbilisidəki həbsxana xəstəxanasına (Qldani rayonu) köçürülüb. Noyabrın 20-də Saakaşvili Qori şəhərindəki hərbi hospitala köçürülüb və burada aclıq aksiyasını dayandırıb. 2022-ci il mayın 12-də Mixail Saakaşvili hazırda qaldığı Tbilisidəki "Vivamed" mülki klinikasına yerləşdirilib.
Gürcüstanda Saakaşvili bir neçə cinayət işi üzrə məhkəmə prosesindən keçir. O, öz həbsini qanunsuz, ona qarşı irəli sürülən ittihamları isə saxta hesab edir.