"Allah məni türk yaradıb və bu cür xəlq olunduğum üçün Allaha şükür edirəm. Heç bir dil və xalq özünü məndən üstün saya bilməz. Necə ki, mən də özümü başqalarından üstün bilmirəm. Elə isə heç kəsin haqqı yoxdur ki, bizim dilimizi və mədəniyyətimizi lağa qoysun - istər kütləvi informasiya vasitələrində, istərsə də başqa yerdə. Kiminsə özünü bizdən üstün və artıq bilməsi heç cür ağla sığmır".
Bu sözlər İran prezidentliyinə namizəd Məsud Pezeşkiana məxsusdur və o, bunları səkkiz il əvvəl İran parlamentinin tribunasından deyib.
Bununla bağlı "Azad İran" "YouTube" kanalında videosüjet təqdim olunub.
"Fars şovinizminin və "iranşəhri" düşüncənin hakim olduğu siyasi mühitdə, özü də rəsmi kürsüdən bu fikirləri səsləndirmək, əlbəttə, cəsarət istəyir və doktor Pezeşkianın bir siyasətçi olaraq əsas keyfiyyətlərindən biri kimi məhz cəsarətli olması qeyd edilir və bunu hətta onun əleyhdarları da etiraf edirlər", - deyə süjetdə bildirilib.
"Elə bunun nəticəsidir ki, o, İranda yaşayan xalqların bərabərliyi fikrini təkcə nəzəri-dini aspektdə deyil, siyasi-mədəni və praktik müstəvidə də müdafiə etməyə çalışan şəxsiyyət kimi diqqəti çəkir. Daha aydın desək, Pezeşkian ölkə konstitusiyasına uyğun olaraq, İrandakı qeyri-fars xalqların, o cümlədən də Güney Azərbaycan türklərinin ana dilində təhsil haqqını fundamental bir hüquq olaraq dəstəkləyib və deyib:
"37 ildir, biz məktəbdə öz dilimizdə danışa və yaza bilmirik. Fars dili bizim əsas dilimizdir, amma türk olan kəs məktəbdə türkcə yazmaq və türkcə danışmaq imkanına malik olmalıdır, kürdlər və digər xalqlar da öz dillərini məktəbdə öyrənə bilməlidirlər. Bu, qanundur və kimlərsə öz şəxsi düşüncəsi əsasında xalqa öz dilində danışmağı qadağan edə bilməz və bununla bağlı bir söz söyləyənə "siz pantürkistsiniz" deyilə bilməz".
Bu mövqeyinə görədir ki, beş çağırış İran parlamentində Təbrizdən millət vəkili olan Məsud Pezeşkianın prezidentliyə namizədliyi paniranist dairələrdə ciddi narahatlıq doğurub və onun özü də pantürkist damğasına tuş gəlib", - deyə materialda qeyd edilib.
Daha ətraflı videosüjetdə: