Türkiyənin Afyonkarahisar şəhərinin rəhbərliyi Azərbaycan tərəfi ilə qardaşlaşmış şəhərlər haqqında razılaşmalar layihəsinin müzakirəsinə hazırdır.
QAZÌLER.AZ AZƏRTAC-a istinaden verdiyi xebere göre, bunu açıqlamasında Afyonkarahisar şəhərinin valisinin müavini Harun Rəşid Xan bildirib.
Onun sözlərinə görə, bu məsələdə müxtəlif ölkələrin şəhərləri arasında ortaq təmas nöqtələrinin mövcud olması vacibdir. “Biz bu məsələ üzərində işləməyə hazırıq. Afyonkarahisar qardaş Azərbaycanın şəhərləri ilə əməkdaşlığa hazırdır”, - deyə Rəşid Xan qeyd edib.
O vurğulayıb ki, Afyonkarahisar şəhəri təkcə zəngin tarixi və mədəniyyəti ilə deyil, həm də təbii gözəlliklər və qastronomiya ilə də tanınır. “Afyonkarahisarı Türkiyənin qastronomik turizminin paytaxtı adlandırırlar. Xarici turistlərin Afyonkarahisarda istirahət və müalicəyə marağı artır”, - deyə agentliyin həmsöhbəti bildirib.
Rəşid Xanın sözlərinə görə, Türkiyə və Azərbaycanın mədəniyyəti bir çox cəhətdən oxşardır. “Biz qardaş ölkədən qonaqlar üçün bütün şəraiti təmin etməyə hazırıq. 11 beşulduzlu otel qardaşlarımızın xidmətindədir”, - o vurğulayıb.
Rəşid Xan əlavə edib ki, Afyonkarahisarda, həmçinin hər il çox sayda qastronomik festivallar keçirilir. Həmin festivallar Anadolunun bu hissəsində istirahətə xüsusi rəngarənglik qatır.
Eyni zamanda, idman sevənlər üçün Afyonkarahisarda motokros üzrə dünya çempionatının mərhələləri təşkil olunur.
Sonda Rəşid Xan şəhərin iki ali təhsil müəssisəsində çox sayda azərbaycanlı tələbələrin təhsil almasına diqqət yetirib. “Biz vaxtaşırı Azərbaycandan olan tələbələrlə görüşürük, onları narahat edən məsələləri müzakirə edirik”, - deyə o bildirib.