Ötən ay Türkiyənin elektrikli avtomobil bazarında üç mindən çox satışla yerli istehsal “Togg” lider olub. İlin ilk rübündə “Togg T10X”un ölkədəki elektrik avtomobil satışlarındakı payı 35,29, ötən ay isə 49,25 faiz təşkil edib. Türklərin yerli avtomobilə üstünlük vermələri əvvəlki aylarda da müşahidə edilib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, hər gün Türkiyə küçələrində daha da çox görünməyə başlayan “Togg”un ölkə vətəndaşlarında böyük maraq oyatdığı açıq-aşkardır.
Ümumiyyətlə, son dövrdə Türkiyədə avtomobil bazarında durğunluq müşahidə edilsə də, satılan nəqliyyat vasitələri arasında elektrikli avtomobillərə daha çox üstünlük verilir. Belə ki, ötən illə müqayisədə bu növ avtomobillərin satışı 266,2 faiz artıb. Ümumi satışlarda isə tam elektriklə işləyən avtomobillərin payı faiz hesabı ilə 2,2-dən 9,9-a, hibrid avtomobillərin payı isə 11,3-dən 17,4-ə yüksəlib.
Statistikaya əsasən, ötən ay Türkiyədə avtomobil satışları əvvəlki ilin eyni dövrünə nisbətən 20,61 faiz azalıb. Ticarət məqsədilə istifadə olunan daha irihəcmli nəqliyyat vasitələrinin satışında isə artım müşahidə olunub.
Ölkədə satışı ən çox azalan elektrikli nəqliyyat vasitəsi isə ABŞ istehsalı olan “Tesla”dır.