Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkilərində səs veriblər.
QAZILER.AZ. Publika.az-a istinaden xəbər verir ki, onlar Üsküdar Saffet Çebi orta məktəbində yerləşən 3308 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə ediblər.
Ərdoğan daha sonra jurnalistlərə verdiyi açıqlamada yerli seçkilərin Türkiyə dövləti və xalq üçün yaxşı nəticə verəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.
Ümumilikdə 61 milyon 441 min 882 səsvermə hüququna malik Türkiyə vətəndaşından 1 milyon 32 min 610 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək.