Türkiyədə seçkilər keçirilir: İstanbul uğrunda yarış...

Türkiyədə seçkilər keçirilir: İstanbul uğrunda yarış... backend

Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla, 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.

QAZİLER.AZ  Axar.az-a istinadən  xəbər verir ki, Türkiyənin əksər əyalətlərində seçki məntəqələri yerli vaxtla saat 08.00-dan 17.00-a qədər açıq olacaq.

Ölkənin Yüksək Seçki Komissiyasının (YSK) qərarına əsasən, günəşin batması vaxtı nəzərə alınaraq, 32 vilayətdə səsvermə müddəti saat 07.00-da başlayıb və 16.00-a qədər davam edəcək.

Ümumilikdə 61 milyon 441 min 882 səsvermə hüququna malik Türkiyə vətəndaşından 1 milyon 32 min 610 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək.

Prezident Rəcəb Tayyib Ərdoğan əvvəlki seçkilərdə olduğu kimi, səsini İstanbulda verəcək.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) da daxil olmaqla, ümumilikdə 34 siyasi partiyanın namizədlərinin yarışdığı seçki ilə əlaqədar ölkə üzrə 208 min sandıq qurulub. Müəyyən səbəblərdən seçki məntəqələrinə gələ bilməyən vətəndaşlar üçün ünvanlara min dörd səyyar qutu göndəriləcək.

Bu səsvermə ilə seçicilər şəhər və rayon bələdiyyələrinin sədrlərini, bələdiyyə məclis üzvlərini, məhəllə muxtarlarını və ağsaqqallar heyətlərini seçəcəklər.

Səhər saatlarından başlayaraq seçkilərlə əlaqədar ölkə ərazisində bir sıra qadağalar tətbiq olunur. Yerli vaxtla saat 06:00-dan 00:00-dək ölkənin hər yerində səbəbindən asılı olmayaraq spirtli içkilərin satışı və istifadəsi qadağan edilib. Gün ərzində internet-kafe, çay evləri kimi əsasən kişilərin sıx toplandığı yerlər fəaliyyət göstərməyəcək, əyləncə müəssisələrində isə sadəcə yemək veriləcək.

Türkiyənin bütün media qurumlarına da müəyyən qadağalar tətbiq edilib. Saat 18.00-dək seçki və onun nəticələri ilə bağlı hansısa xəbər və şərh verilməsi qadağan edilib. Media saat 18.00-dan 21.00-dək yalnız YSK-nın seçki ilə bağlı verəcəyi xəbər və bildirişləri yayımlaya biləcək. Yerli media saat 21.00-dan etibarən sərbəst yayıma keçəcək. Yalnız zərurət yarandığı təqdirdə YSK-nın qərarı ilə saat 21:00-dan əvvəl yayım sərbəstliyinə icazə verilə bilər.

Xatırladaq ki, AKP, Milliyyətçi Hərəkat (MHP), Böyük Birlik və Yenidən Rifah partiyalarından ibarət Cümhur İttifaqının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi ölkənin sabiq ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Ankara üzrə namizədi isə türk siyasətçi və paytaxtın Keçiören Rayon Bələdiyyəsinin mövcud sədri Turqut Altınokdur.

Türkiyənin ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasının İstanbul və Ankara üzrə namizədləri isə hazırki bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Mansur Yavaşdır

 

 

Diaspora