Tůrkiyədə keçirilən bələdiyyə seçkiləri ötən il Ərdoğanın qələbəsi ilə bitən seçkidən sonra həm iqtidar, həm müxalifət üçün həlledici amil daşıyır.
- Müxalifət üçün bu seçki son məğlubiyyətin əvəzini almaq, həm də siyasi perspektiv baxımından əhəmiyyətlidir: iqtidar qazanarsa, bu, müxalifətin təkcə seçki məğlubiyyəti yox, siyasi çöküşü ola bilər, xüsusilə son seçkidəki məğlubiyyətdən sonra siyasi qüvvələrin parçalanması üfüqdə bu nəticəni göstərir;
- İqtidar prezident və parlament seçkilərindəki qələbəsini tamamlamaq, müxalifət üzərində yekun qələbəni təmin etmək və 2019-cu ildə itirdiyi İstanbulu geri almaq istəyir: İstanbulda qalib gəlmək həm də Türkiyənin gələcək lideri kimi göstərilən İmamoğlunun gələcək karyerasına təsir edə bilər;
Bu baxımdan, İstanbul Böyükşəhər Bələdiyyəsi hər iki tərəf üçün önəmlidir. İBB-də əsas mübarizə Cumhur ittifaqının namizədi Murat Kurumla CHP-nin namizədi Əkrəm Əkrəm İmamoğlu arasında gedəcək. Kimin qazanacağını proqnozlaşdırmaq çətindir, lakin hər iki tərəfin “yumşaq qarnı” var.
- İqtidar (AKP-MHP) üçün zəif tərəf iqtisadi problemlərin dərinləşməsidir, eyni zamanda, narazı elektorat son seçkinin əvəzini almaq üçün səfərbər ola bilər;
- Müxalifətin (CHP) problemləri daha çoxdur: 2019-cu ildə seçilən İmamoğluna böyük ümidlər bəslənilsə də, özünü doğrultmadığı (yayılan informasiyalara istinadən belə düşünmək olar) görünür; Müxalifət seçkiyə ayrılıqda gedir (İBB uğrunda 22 partiya, 27 müstəqil namizəd mübarizə aparır) və bu iqtidara qarşı olan səslərin parçalanması deməkdir;
Hər iki tərəfin problemləri qarşı tərəfin əlini gücləndirir. Seçkidə əsas fikirlərdən biri isə Türkiyə siyasətinin gələcəyinin İstanbulda həll edilməsidir. Bu düşüncə 1994-cü ilin bələdiyyə seçkilərinə istinadən formalaşıb və indiki seçkilər də 30 il öncəki seçkilərlə müqayisə olunur.
Birincisi, 30 il öncə İBB-də qalib gələn Ərdoğan sonradan ölkənin baş naziri oldu və hələ də hakimiyyətdədir: hesab olunur ki, İBB-də qalib gələn şəxsi eyni siyasi karyera gözləyir, hərçənd, bu, iqtidarın namizədi üçün yox, daha çox İmamoğlu üçün proqnozlaşdırılan gələcəkdir;
İkincisi, Ərdoğanın 30 il öncə İBB-də qalib gəlməsi həmin dövrdə mövcud olan iqtisadi problemlərlə əlaqələndirilir, indi də ölkənin eyni problemlərlə üzləşdiyi və bu problemlər fonunda İmamoğlunun qələbəsinin iqtidar dəyişikliyinin başlanğıcı kimi göstərilir;
Lakin bunun nə qədər real yanaşma olduğu sual altındadır. Eyni yanaşma, 2019-cu ildə - İmamoğlu İstanbulda qalib gələndə də var idi, lakin cəmi 4 il sonrakı seçkilərdə itirən tərəf müxalifət oldu. Bununla yanaşı, Türkiyənin 30 il öncəki ölkə olmadığı da belə proqnozları mübahisələndirir.