“Gürcü Arzusu”nun baş katibi və Tbilisinin meri Kaxa Kaladze bildirib ki, Gürcüstan heç bir ölkə üçün əyalət deyil.
Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, avropalı deputat Lars Patrik Berqin Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin əfv edilməsinin zəruriliyi ilə bağlı bəyanatına hakimiyyətdə olan partiya liderlərindən biri belə münasibət bildirib.
“Bu insanların gürcü xalqına və Gürcüstan dövlətinə hörmət göstərməsi çox vacibdir. Gürcüstan elə ölkə deyil ki, Avropa Parlamentinin bəzi deputatlarından hansısa zənglər edib, kimin azad edilməsi, kimin saxlanması və s. göstəriş versinlər.
Gürcüstan heç bir ölkə üçün əyalət deyil. Gürcüstan müstəqil və suveren dövlətdir. Məmurun kim olmasından asılı olmayaraq, Gürcüstanın öz Konstitusiyası var və qanunlar ona uyğun fəaliyyət göstərir”, - Kaladze vurğulayıb.
Tbilisi merinə Avropa Parlamentinin nə tələb etdiyi aydın deyil. O qeyd edib ki, əvvəllər Saakaşvilinin “gündə üç dəfə öldüyü” iddiası ilə bağlı kampaniya aparılıb. Kaladze Avropa Parlamentinin humanistliyiini “siyasi spekulyasiya” adlandırıb.
Hakim partiyanın baş katibi vurğulayıb ki, Gürcüstanın böyük ailənin - Aİ-nin üzvü olması üçün hər şey edilir.
Gürcü mətbuatının yazdığına görə, avropalı deputat Lars Patrik Berq deyib ki, ədalət mühakiməsi Gürcüstanın daxili işidir, lakin Mixail Saakaşvili məsələsində bu, insan mərhəmətinə imkan verməlidir.
QAZİLER.AZ