Keçmiş SSRİ hökumətinin rəhbərindən biri olmuş Nikolay Rıjkov vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə fevralın 28-də Federasiya Şurasının sədri Valentina Matvienko Telegram kanalında məlumat verib.
O, 95 yaşında vəfat edib, ölüm səbəbi açıqlanmayıb. Vida mərasiminin tarixi və yeri açıqlanmayıb.
Rıjkov 1985-1991-ci illərdə Sovet hökumətinə rəhbərlik edib. 2003-cü ildən Belqorod vilayətindən Rusiya Federasiyası Federasiya Şurasının üzvüdür. 2023-cü ilin oktyabrında vəzifəsindən vaxtından əvvəl istefa verib.
Xatırladaq ki, Bakıya sovet qoşunlarının yeridildiyi 20 yanvar, 1990-cı ildə Nikolay Rıjkov SSRİ Nazirlər Sovetinin sədri olub.
2014-cü ildə "İzvestiya" qəzetinə müsahibəsində 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı açıqlamalar verən N. Rıjkov bildirib ki, o vaxt Bakıda vəziyyət getdikcə pisləşirdi: “Bakıya qoşun yeridilməsi haqqında qərar Qorbaçovun kabinetində birlikdə verildi. Orda Lukyanov (SSRİ Ali Sovetinin sədri), Yazov (müdafiə naziri), Kryuçkov (Dövlət Təhlükəsizlik Komitəsinin sədri), Bakatin (daxili işlər naziri) və mən iştirak edirdim. Yazov əmrin verilməsini xahiş elədi. Qorbaçov Medvedevə Bakıya qoşun yeridilməsi ilə bağlı mətnin hazırlanmasını və gecə yarısına qədər KİV-də yaymağı tapşırdı. Lakin Medvedev həmin mətni gecikdirdi və onu ancaq səhər çap etdirdi. Qoşun isə Bakıya Qorbaçovun keçirdiyi iclasdan dərhal sonra yeridildi. Medvedevin əmri sabotaj elədiyinə şübhə edirəm. Ya da bu, əvvəlcədən düşünülmüş addım idi ki, baxsınlar vəziyyət necə inkişaf edir. Saat 23:00-da mənə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Vəzirov zəng etdi və yalvararaq ordunun şəhərə girişinin dayandırılmasını xahiş etdi. Gecə Yazov zəng edib (o da Qorbaçova zəng edə bilmirdi) dedi ki, qoşuna atəş açırlar, əsgərlərdən ölən var. Soruşdu ki, nə etmək lazımdır. Cavab verdim ki, atəşə atəşlə cavab versinlər. Gecə Qorbaçov mənə 3 dəfə zəng etdi. Ona vəziyyətlə bağlı məruzə etdim, o cümlədən atışma və ölənlər barədə. O isə cavabında “nu, delay, delay” deyirdi".
N.Rıjkov jurnalistin “Siz qoşun yeridilməsi ilə bağlı heç bir yazılı əmr olmadan bütün gecə hərbi əməliyyatı idarə etmisiniz?” sualına belə cavab vermişdi: "Mən siyasətlə məşğul olmurdum, tapşırıqları həll edirdim".
QAZİLER.AZ